Özünütəcrid şəraitində psixi pozuntulara tutulmamaq üçün nə etmək lazımdır?!
“Evdə qal” - bu sözü karantin rejiminə keçməmişdən əvvəl də eşidirdik. Dünyada yayılan “Covid-19” pandemiyasının ölkəmizdə yayılmasını, bəlkə də, təsəvvür edə bilməzdik. Əslində, tarix boyu eşitdiyimiz müxtəlif pandemiyaları görürdük, amma indi isə özümüz həmin tarixi hadisəni yaşayırıq.
Karantin insanların psixoloji vəziyyətinə ciddi şəkildə təsir edir. Ümumiyyətlə, nəyəsə qadağa qoyanda insanlara təsir edir. Biz insanlar sosial varlıqlarıq və demək olar ki, insanların 90%-i sosiallaşmanı sevir. İndi isə sağlamlığımızı qorumaq üçün evlərimizdə qalmağa məcburuq.
Lakin bunu bilmək lazımdır ki, karantin sadəcə müəyyən müddətə kimidir. Birinci dərəcədə məsələni həddindən artıq qloballaşdırmamalıyıq. Elə insanlar var ki, onlar hər hansı bir halda hər şeyi qloballaşdırır və məsələləri həddən artıq böyüdür, digər insanlara da təsir edirlər. Biz insanlarda kütlə psixologiyasına tabe olma xüsusiyyəti var.
Qeyd edim ki, digər insanların düşüncə və fikirləri bizim fikirlərimizə də təsir edir. Ona görə başqalarının neqativ fikirlərinin təsiri altına düşməyək və kütlə psixologiyası bizə təsir etməsin. İnsanların beyni daima özünü müdafiə etmə və öz ehtiyatını tutma rejimində işləyir. Yəni hər nə baş verirsə, onun əks tərəfini və ya mənfi tərəfini fikirləşir. Beynimiz məchul və nəticəsi aydın olmayan hallardan nigarandır. Görəsən karantin nə vaxt bitəcək? Görəsən işim necə olacaq? Görəsən karantindən sonra nə olacaq? Görəsən evdə qalıb nə edəcəyəm? və s. bu kimi fikirlər bizim beynimizdə yaranır.
Karantin müddətində çalışmalıyıq ki, neqativ və özünü qoruma tipli fikirləri yeni məntiqli fikirlərlə əvəz edək, çünkü neqativ fikirlərimiz bizi daha da əsəbi edə bilər. Bəs karantin zamanı, özünütəcrid şəraitində psixi pozuntulara tutulmamaq üçün nə etmək lazımdır?!
Ən əsası, fikirlərimizi tənzimləməliyik. Bunun üçün isə neqativ fikirlərimiz cavablandırılmalıdır, onlardan qorxmamalıyıq. Neqativ fikirlər bizim düşmənimiz deyil, sadəcə bizi pis və ya xoşa gəlməz hallardan qorumaq istəyir, onlar dəcəl uşaqlar kimidir və həmin uşaqlara sadəcə düzgün tərbiyə verib, düzgün yönləndirmək lazımdır.
Neqativ fikirlərimizə cavab olaraq bəzi şablon, nümunə cavablar və müxtəlif tövsiyələr verməyə çalışacağam.
1. Neqativ fikirlərimizi təxirə salmalı və dərhal tam başqa mövzuda yeni pozitiv ya neytral fikirlər ilə əvəz olunmalıdır. (Qeyd: başqa yeni pozitiv ya neytral fikirlər ilə əvəz olunmasa, bu üsul işləməyəcək).
2. Neqativ fikirlərimizə məntiqli cavablar verməliyik. Məsələn: karantin daimi deyil. Tezliklə qurtaracaq və hər şey əvvəlki kimi olacaq, bu sırf bizim ölkədə belə deyil ki, bütün dünyada olan bir pandemiyadir və sadəcə səbr edib keçməsini gözləyək və s. kimi fikirlər.
3. Çalışmalıyıq ki, məsələni olduğundan artıq qloballaşdırmayaq. Məsələn: dünyanın axırıdır? – Xeyr; karantin məni öldürəcək? – Xeyr; Acından öləcəyəm? Xeyr; İşimi itirəcəyəm? - Niyə itirməliyəm ki? və bu kimi sual - cavablar mənfi fikirlərin təsirini azaldır.
4. Bu bir fürsətdir. Sanki əlavə bir məzuniyyət.
5. Karantin, işlədiyimiz dövrdə vaxt azlığından şikayətlənib və çatdıra bilmədiyimiz işləri görməyə əlavə fürsət kimi istifadə olunmalıdır.
6. Bu karantin bizim özümüzü, ailəmizi və gələcək nəsillərimizi qorumaq naminədir.
7. Karantinə riayət etməmək bizi öz sevdiyimiz insanların itkisi ilə nəticələnə bilər.
8. Karantin bizə ailə üzvlərimiz ilə kifayət qədər vaxt keçirmək imkanı verir.
9. Karantin arzuladığımız film və serialları izləmək imkanı yaradır.
10. Ailə üzvləri ilə müxtəlif oyunlar təşkil etmək olar.
11. Fərdi inkişaf üçün gözəl fürsətdir: kitab oxumaq, dil öyrənmək və s.
Karantinin maraqlı tərəflərindən biri isə insanın özünə və ətrafına nəzər salması və ətrafında baş verənləri diqqətlə izləməsidir. Bəzən bizim başımız işə və məşğuliyyətlərə o qədər qarışır ki, özümüzə, ailə üzvlərimizə və ya övladımıza kifayət qədər vaxt ayıra bilmirik. İndi isə yaxşı fürsətdir. İnsanlarda hər bir halda şəraitlə uyğunlaşa bilmə bacarığı və həmçinin şəraiti özünə uyğun etmə bacarığı var. Sadəcə yetər ki, insanda bir balaca yaradıcılıq olsun. Məsələn, restorana getmək əvəzinə evdə fərqli şəkildə şam yeməyini hazırlayıb restoran abu-havası yaratmaq, və ya evdeqal.az saytının resurslarından istifadə edərək, istədiyimiz yeməkləri seçdiyimiz restorandan sifariş etmək.
Sonda unutmamalıyıq ki, bu sadəcə bizim özümüz və əzizlərimizin sağlamlığı üçün dövlətimiz tərəfdən atılmış bir addımdır və bu müvəqqətidir!